İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Mavritaniyanın Nuakşot şəhərində 49-cu sessiyası keçirilib. Sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 57 ölkənin daxil olduğu Nazirlər Şurası tərəfindən ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. Həmin qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilib və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunub. Eləcə də dünya birliyi Xocalı soyqırımını tanımağa çağırılıb. Həmçinin Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücum qəti şəkildə pislənib. İran hökuməti baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə çağırılıb.
Vüsalə Cənnətova