Güclü yağış səbəbindən Göygölün Topalhəsənli kəndində Gəncə çayında sel daşqını olub. 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov sel axınına düşüblər. Onların meyitləri polis tərəfindən səhər saatlarında çayın Gəncə şəhərindən keçən hissəsində tapılaraq müvafiq ekspertizaya təqdim edilib. Bundan başqa, Göygölün Topalhəsənli kəndində sel daşqını nəticəsində kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir neçə avtomobilə maddi ziyan dəyib. Polisin köməkliyi ilə 3 nəfər Gəncə sakini çay axınından xilas edilib. Güclü sel axınının yerüstü orta təzyiqli qaz xətlərini zədələməsi səbəbindən Topalhəsənli, Şəhriyar, Kərəmli və Aşağı Zurnabad kəndlərinin qaz təchizatı dayandırılıb. Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.
Nərgiz Camalzadə