“Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışdadır”. Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib ki, Azərbaycan vətəndaşlarına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb. O bildirib ki, Qanunsuz erməni silahlı birləşmələri tərəfindən məhz azərbaycanlı olduqlarına görə 10 nəfər ağlasığmaz işgəncələr verilməklə, xüsusi amansızlıqla qətlə yetirilib. Eyni zamanda, 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıblar.
Vüsalə Cənnətova