Ermənistan istisna olmaqla, Ali Avrasiya İqtisadi Şurasına üzv ölkələrlə Azərbaycanın əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Bunu Prezident İlham Əliyev Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı söyləyib. Dövlət başçısı deyib ki, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması əsasında münasibətlərin normallaşdırılması üçün ciddi imkanlar mövcuddur. Prezident çıxışında Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzv olan ölkələrlə ticarət dövriyyəsinin artdığını da bildirib. Azərbaycanın Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi coğrafi məkanda yerləşdiyini qeyd edən dövlət başçısı ölkəmizin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli iştirakçısı olduğunu vurğulayıb.
Nərgiz Camalzadə