Bu gün Xocalı soyqırımından 32 il ötür. Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Nəticədə 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 150-nin taleyindən bu günədək məlumat yoxdur. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
Vüsalə Cənnətova