2020-05-01 18:00
Xüsusi karantin rejiminin müddəti 31 may saat 00:00-dək uzadılıb. Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron üzrə 4 may saat 00:00-dan etibarən xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir; bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur; bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur; restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur, bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür; qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur. Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may tarixinədək uzadılır.
Fərid Mehdiyev