“Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıq işləri görülür”. Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli deyib ki, 25-dək tələbə hazırda universitetin həyətinə toplaşıb. Şəhərdə 50-dən çox tələbənin olduğu haqqında məlumatlar var. Ümumlikdə isə 27 minə yaxın Azərbaycan vətəndaşı Türkiyədə təhsil almaqdadır. Tələbələrin təxliyəsilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyilə mütəmadi əlaqələrin qurulduğunu vurğulayan Həmran Əmirli ikinci təxliyə prosesində digər soydaşlarımızın da ölkəmizə göndərilməsinin mümkün olduğunu deyib. Kahramanmaraşda əlaqə saxlaya bilmədiyi bir neçə tələbənin olduğunu deyən Həmran Əmirli onlar haqqında məlumat almaq üçün xəstəxanalara müraciətlər olunduğunu, amma hələlik xəbər ala bilmədiyini qeyd edib.
Nərgiz Camalzadə