Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 91 511 nəfər yaralanıb. 80 088 şəxs dağıntılar altından xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Xilasedicilərimizin fədakarlığı sayəsində dağıntılar altında 105 saat qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub. Həmçinin dağıntıları altında aşkarlanan gənc qadın və 2 yaşlı qızının meyiti də çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 5-ə çatıb. Xarici İşlər Nazirliyindən bildirilib ki, 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı, 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının və 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızının vəfatı barədə məlumat əldə olunub. Həmçinin zəlzələ zamanı itkin düşən 4 həmyerlimizin yeri müəyyən edilib. Onların səhhətləri normaldır.
Bu günə qədər 438 nəfər vətəndaşımız və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.
Vüsalə Cənnətova