Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2921-ə çatıb, 15 834 nəfər yaralanıb. 338 min nəfər yataqxana, universitet və sığınacaqlarda yerləşdirilib. Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar. Hatay şəhərinin Antakya rayonunda isə azərbaycanlı Sevda Əliyeva və qızı Nəzrin Əlizadə dağıntılar altından xilas edilib. Dağıntılar altından ümumilikdə 7840 nəfər çıxarılıb.
Qeyd edək ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələyə görə 7 gün milli matəm elan edilib. Fevralın 12-si bazar günü Türkiyədə və ölkənin xarici nümayəndəliklərində bayraqlar günəş batanadək yarıya qədər endiriləcək. Şimali Kipr Türk Respublikasında Türkiyədə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı 7 günlük matəm elan edilib. Bu barədə Şimali Kipr Türk Respublikasının lideri Ersin Tatar tviter hesabında paylaşım edib.
Nərgiz Camalzadə