Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxslər tutulub
2021-03-30 14:05
Tovuz polisi dələduzluq etməkdə şübhəli bilinən, rayonun Xatınlı kənd sakini Əhməd Əhmədovu və onun qardaşı, “qaynar-xett.az” saytının təsisçisi Zaur Əhmədovu saxlayıb. Araşdırmalarla onların şəhid olmuş hərbi qulluqçunun valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, adının əbədiləşdirilməsi, barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verlişlər hazırlanacağı vədi ilə 1850 manat pulu ələ keçirdikləri məlum olub. Faktla bağlı cinayət işi açılıb. Bu şəxslərin əməllərindən zərərçəkən vətəndaşlar “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Nərgiz Camal