Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb, 62 914 nəfər yaralanıb. Bu zamana qədər 20 mindən çox şəxs dağıntıdan xilas edilib.
Zəlzələdən zərərçəkənlər üçün 1 milyon 60 min insan tutumunda sığınacaqlar təşkil edilib. Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib ki, zəlzələ bölgələrinə artıq təbii qazın verilməsi başlayacaq.
Hazırda 103 min 800 şəxs axtarış və xilasetmə işlərində iştirak edir.
Türkiyənin Ərzurum şəhərində 4,6 bal, ölkənin şərqində isə 5,4 bal gücündə zəlzələ baş verib. İskəndərun limanında baş verən yanğın söndürülüb. Yanğın zonasının soyudulması istiqamətində işlər davam edir.
Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərərçəkmiş Azərbaycan vətəndaşları Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar. Belə ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Türkiyədən təxliyə olunan həmyerlilərimizi Türkiyə-Gürcüstan “Sarp” sərhəd-keçid məntəqəsində qarşılayıblar. Dünən axşam saatlarında vətəndaşlarımız səfirlik əməkdaşlarının müşayiəti ilə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən Vətənə yola salınıblar.
Nərgiz Camalzadə