“Bu, həm onlar, həm də bizim üçün çox çətin oyun olacaq”. Bu sözləri “Qarabağ”ın oyunçusu Kevin Medina İspaniyada “Atletik”lə UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi Qurban Qurbanov isə mətbuat konfransındakı çıxışında bildirib ki, Marko Yankoviçin “Atletik”lə oyunun start heyətində yer alıb-almayacağı hələ ki, məlum deyil. O, həmçinin oyuna ciddi hazırlaşdıqlarını vurğulayıb:
Qurban Qurbanov - "Qarabağ"ın baş məşqçisi: “Vacib oyundur, əlbəttə ki, çox yaxşı komandaya qarşı oynayırıq — daha doğrusu, oynayacağıq. Rəqibin çox təcrübəli baş məşqçisi var. Özünəməxsus oyun üslubu olan, dinamik və sürətli bir kollektivdir. Həm müdafiədə, həm də hücumda aqressiv oyun nümayiş etdirirlər. Bizim də təcrübəmiz ildən-ilə artır. Bilirik ki, rəqib çox istəklidir və bu oyunda qalib gəlmək istəyir, xal fərqini artırmaq niyyətindədir. Hər bir halda anlayırıq ki, meydanda həm çox hərəkət etməli, həm də çox düşünməli olacağıq. İnşallah, çalışacağıq ki, möhkəm, yığcam oynayaq və bu cür rəqibin oyun tempinə davam gətirə bilək. İnanıram ki, ən azından azarkeşlərimiz bizim göstərdiyimiz mübarizədən razı qalacaqlar”.
Qeyd edək ki, bu gün İspaniyanın “San Mames” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.