2020-10-25 10:00
Oktyabrın 24-ü və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. Ordumuzun bölmələri döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib. Düşmənin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutulması nəticəsində canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub. Qubadlı istiqamətinə gətirilən düşmənin 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib. Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 avtomobil texnikası məhv edilib. Müdafiə Nazirliyindən o da bildirilib ki, hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Fərid Mehdiyev