Kür-Bakı su xəttində qəza baş verib, magistral yolu su basıb
Bakını içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində gecə saatlarında qəza baş verib. Nəticədə ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib. “Azərsu” ASC-dən bildirilib ki, hazırda avto magistralında hərəkətin tam bərpa olunması üçün lazımi tədbirlər görülür. Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunublar.