Prezident İlham Əliyev Bakıda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə təkbətək görüş keçirib. Görüşdən sonra liderlər mətbuata birgə bəyanatla çıxış ediblər.Prezident bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas tərəfdaşlarından biridir və tərəflər arasında fəal siyasi dialoq mövcuddur. Avropa İttifaqının Cənubi Qafqazla ticarət dövriyyəsinin 70 faizi Azərbaycanın payına düşür.Prezident, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə toxunaraq bildirib ki, ölkə üçün sülh artıq reallıqdır. Azərbaycan sülhün möhkəmləndirilməsi istiqamətində birtərəfli addımlar atıb, o cümlədən Ermənistana malların və neft məhsullarının ixracına başlayıb.Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığı daha da gücləndirmək niyyətində olduğunu bildirib. O, Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiklərini vurğulayaraq, tarixi sülh sənədinin paraflanması münasibətilə Azərbaycanı təbrik edib. Avropa İttifaqı “Global Gateway” proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat və bağlantı layihələrinə 200 milyon avro qrant ayıracaq. Bu təşəbbüs gələcəkdə 2 milyard avroya qədər investisiya potensialı formalaşdıracaq və Naxçıvan istiqamətində dəmir yolu, eləcə də Bakı limanının inkişafı kimi layihələri əhatə edəcək.Qeyd edək ki, Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəri iyulun 2-də başa çatıb.
02 iyul 2026

