"Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi". Bunu, Prezident İlham Əliyev Türkiyədəki zəlzələ ilə bağlı Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığında deyib. "Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram". Sitatın sonu.
Eləcə də, Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri Türkiyə yollanır. 370 nəfərdən ibarət çevik xilasedici qüvvələri yaxın saatlarda yola düşəcək. Heyət xüsusi reys ilə Adanaya gedəcək. Azərbaycan tərəfi Türkiyəyə eyni zamanda ilkin yardım ləvazimatları da çatdıracaq. Bu məqsədlə ikinci təyyarə hazırlanır.
Nərgiz Camalzadə