İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş iclasın iştirakçılarına müraciət ünvanlayıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi keçirilir. İyulun 3-dək davam edəcək tədbirdə bir sıra beynəlxalq elmi və mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.Prezident İlham Əliyev "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb.Dövlət başçısı qeyd edib ki, Birinci Türkoloji Qurultayda qəbul olunan əsas fikir və qərarların həyata keçirilməsi sovet totalitar rejimi tərəfindən qəsdən əngəllənib. Qurultay nümayəndələrinin əksəriyyəti 1930-cu illərdə repressiyalara məruz qalıb və onların xatirəsi bu gün də ehtiramla anılır.Prezident vurğulayıb ki, qurultayın taleyüklü qərarları türk xalqları arasında elmi və mədəni həmrəyliyin qorunmasına xidmət edib, kommunist rejiminin süqutundan sonra isə milli-mənəvi dirçəliş üçün mühüm əsas yaradıb.Dövlət başçısı, həmçinin qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı keçirilən Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır. Təşkilatın ortaq humanitar məkanın formalaşdırılması istiqamətində həyata keçirdiyi layihələrin təməlində də məhz Birinci Türkoloji Qurultayın mütərəqqi ideyaları dayanır.
29 iyun 2026

