Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Bunu, Prezident İlham Əliyev Rumıniyalı həmkarı Klaus Yohannislə mətbuata bəyanatlarla çıxış edərkən söyləyib. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun olmadığını qeyd edən Dövlətimizin başçısı bildirib ki, ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. "Biz, ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Energetika, əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır". Sitatın sonu.
Nərgiz Camalzadə