Prezident İlham Əliyev Azərbaycan 3 noyabrda Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı ölkəmizin son illərdə qazandığı tarixi nailiyyətlərdən, eləcə də yaxın günlərdə qeyd ediləcək Zəfərimizin 5 illiyindən bəhs edib. Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycanın əldə etdiyi bu möhtəşəm uğurlar xalqımızın birliyinin, ordumuzun qüdrətinin və dövlət siyasətimizin qətiyyətinin nəticəsidir:
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: "Qeyd etdiyim kimi, bir neçə gündən sonra biz tarixi Zəfərimizin 5 illiyini qeyd edəcəyik. Bu münasibətlə hərbi paradın təşkili planlaşdırılır. Xatırladım ki, 5 il əvvəl — 2020-ci ilin dekabrında möhtəşəm Zəfər Paradı keçirilmişdi. 2023-cü ildə isə Xankəndidə hərbi parad təşkil olundu və Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bir neçə gündən sonra Azadlıq Meydanında keçiriləcək hərbi parad isə böyük və qürurverici hadisə olacaq. Azərbaycan xalqı bu şanlı Zəfərlə həmişə fəxr edəcək, bu qələbə tariximizdə əbədi qalacaq. Bu münasibətlə sizi, eləcə də bütün Azərbaycan xalqını həm Milli Elmlər Akademiyasının 80 illiyi, həm də qarşıdan gələn Bayraq Günü və Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Hər birinizə möhkəm can sağlığı və yeni uğurlar arzulayıram".

