Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələ baş verib. Daha sonra isə 31 ardıcıl təkan baş verib. Son məlumata əsasən, yeraltı təkanlar nəticəsində 4 nəfər həlak olub, 294 nəfər isə xəsarət alıb. Hazırda dağıntılar altında qalan 2 nəfərin xilas edilməsi üçün işlər davam etdirilir. Bu arada fevralın 6-sı baş verən təbii fəlakətdən sonra dağıntılar altından çıxarılan 1838 kimsəsiz uşaq qeydiyyata alınıb, 1286 uşaq isə müraciət edənlərin şəxsiyyəti yoxlanılaraq ailələrinə təhvil verilib.
Xarici işlər naziri Ceyhun Bayramov və Türkiyəli həmkarı Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub. Türkiyədə böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması işləri, zəlzələdən sonra yenidənqurma planları barədə müzakirə aparılıb. Nazir Ceyhun Bayramov, Azərbaycanın qardaş Türkiyəyə bütün lazımi dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb. Hatayda baş vermiş iki güclü zəlzələ təkanlarının təsirləri ilə maraqlanıb. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nərgiz Camalzadə