2020-10-28 10:00
Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib. Cəbhənin müxtəlif istiqamətlərində görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. Onun bir neçə döyüş texnikası məhv edilib. Düşmənin artilleriya bölməsinə atəşlə zərərvurma nəticəsində atəş mövqeyində toplarla bir yerdə döyüş sursatları da məhv edilib. Ermənilərin avtomobil texnikalarının sayının əhəmiyyətli dərəcədə azalması ön xətdəki bölmələrin ərzaq, silah və sursatla təminatında problemlər yaradıb. Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir. Döyüşlərə cəlb etmək məqsədilə 2000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər. Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də “Osa” ZRK, 3 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 D-30, 5 D-20 və 1 D-44 topu, 2 2A36 “Qiasint-B” topu, 120-mm minaatan, “Konkurs” tank əleyhinə raket kompleksi və 6 avtomobil texnikası məhv edilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Müdafiə Nazirliyindən o da bildirilib ki, bu gün saat 7.30 radələrində düşmən Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub.
Vüsalə Camal