Qida Təhlükəsizliyi Agentliyi Gəncədə yerləşən “Grand Qafqaz” ticarət mərkəzində və "Kəpəz-Bazar" ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında plandankənar yoxlama keçirib.Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulduğu məlum olub. Süd və süd məhsullarının, ət və ət məhsullarının açıq hava şəraitində antisanitar vəziyyətdə satıldığı və baytarlıq müşayiətedici sənədlərinin olmadığı, kərə yağı adı altında istehlakçılara bitki tərkibli spred yağların təqdim edildiyi,meyvə-tərəvəz və bitkiçilik məhsullarının satışının sanitar-gigiyenik normalara cavab verməyən yerlərdə həyata keçirildiyi, avadanlıqların, qida ilə təmasda olan piştaxtaların və rəflərin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı, çalışan şəxslərin gigiyena qaydalarına ciddi əməl etmədiyi aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
22 aprel 2026

