Gəncədə erməni terroru nəticəsində evləri dağılmış sakinlərin bir hissəsi yeni mənzillərlə təmin edilib
2021-03-22 14:09
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə atdıqları raket zərbələri nəticəsində yaşayış yerləri dağılmış sakinlərin bir hissəsi Novruz bayramı günlərində yeni mənzillərlə təmin edilib. Dövlət Komissiyası tərəfindən ilkin mərhələdə raket zərbələri nəticəsində dağıntıya məruz qalmış çoxmənzilli yaşayış binalarında yaşayan 89 ailə müəyyən edilib. Həmin binalarda yaşayan 66 ailə Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin olunub. Sənədləşmə işi hazırda davam edir.
Nərgiz Camal