İki il öncənin 17 oktyabr tarixində, Vətən Müharibəsinin 21-ci günündə Prezident İlham Əliyev xalqa müraciət edərək Füzuli şəhəri və rayonun bir neçə kəndinin işğalçılardan azad edildiyini açıqlayıb. Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalıb. Nəticədə 16 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar olub. Ermənistan Mingəçevir şəhərini də raket atəşinə tutub. Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləməyə nail olub. Düşmənin mühəndis istehkam rəisi polkovnik məhv edilib. Düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası, zirehli texnika, "Tor-M2KM" zenit-raket kompleksləri, BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, "S-125" zenit raket kompleksi və Su-25 təyyarəsi məhv edilib.