Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılıb və noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə ilə bağlı ona qəti etiraz edilib. Görüşdə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Milli Assambleyada qəbul edilmiş bu qətnamənin də Fransanın Azərbaycana qarşı növbəti təxribatı olduğu qeyd edilib. Qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu və Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsi bir daha təkidlə tələb edilib.