2020-10-22 10:00
Bu gün səhər saat 9 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlər atılıb. Saat 9.15-dən başlayaraq isə düşmən işğal olunmuş ərazilərimizdən Füzuli rayonu ərazisindəki mövqelərimizi reaktiv artilleriya sistemlərindən atəşə tutur. Müdafiə Nazirliyindən o da bildirilib ki, oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Ordumuzun əməliyyatı nəticəsində cəbhənin Qubadlı istiqamətində düşmənin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib. Ermənilərin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub. Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilən könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması, 543-cü alayın müdafiə sahəsinə atəş nəticəsində şəxsi heyətlər arasında xeyli itki var. Alay komandiri yaralanıb, müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib. Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Fərid Mehdiyev