2020-11-10 10:00
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin bəyanat imzalayıblar. Bəyanatda deyilir: "Biz, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev, Ermənistanın baş naziri Nikol Vovayi Paşinyan və Rusiyaın Prezidenti Vladimir Vladimiroviç Putin aşağıdakıları bəyan edirik: 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan və Ermənistan hazırda tutduqları mövqelərdə qalacaqlar. 20 noyabr tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılır. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Rusiyaın sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiyaın sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Ermənistan 15 noyabr tarixinədək Azərbaycana Kəlbəcər rayonunu, 1 dekabr tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilir. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat-kommunikasiyalarının inşası təmin ediləcək.
Nərgiz Camal