2020-10-11 11:08
Oktyabrın 10-dan 11-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit olub. Humanitar atəşkəs rejiminə əməl etməyən düşmən itirdiyi mövqeləri geri qaytarmaq məqsədilə yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Onun bütün hücum cəhdlərinin qarşısı alınıb. Cəbhənin müxtəlif istiqamətlərində ermənilərin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 T-72 tankı, 6 D-20 və D-30 haubitsası, 5 sursatla dolu yük maşını, 11 digər avtomobil texnikası, 3 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 “Qvozdika” özüyeriyən haubitsası, 8 hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilib və sıradan çıxarılıb. Ermənistan ordusunun işğal etdiyi ərazilərdəki əsas qüvvələri və ehtiyatlarına ciddi ziyan vurulub, silah-sursat və yanacaq tükənmək üzrədir. 1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb. Düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.
Vəfa Şairova