2021-04-15 10:11
Bu gecə UEFA Çempionlar Liqasında baş tutan iki görüşlə 1/4 final mərhələsinə yekun vurulub. “Liverpul” doğma meydanda “Real Madrid”i qəbul edib. “Real”-ın 3:1 hesablı qələbə qazandığı ilk görüşdən fərqli olaraq, bu dəfə qapılara qol vurulmayıb. Bu nəticə ilə Madridlilər yarımfinala adlayıblar. Günün digər matçında turnirin favoritlərindən olan “Mançester Siti” Almaniyada “Borussiya Dortmund"un qonağı olub. İlk oyunda 2:1 hesabıyla qalib gələn “şəhərlilər” cavab qarşılaşmasında da rəqibdən eyni hesabla üstün olublar. İki oyunun nəticəsinə görə "Borussiyalıları" 4:2 üstələyən Siti də yarımfinala vəsiqəni təmin edib. "Mançester Siti" yarımfinalda PSJ, "Real Madrid" isə "Çelsi" klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27-28 apreldə, cavab qarşılaşmaları isə 4-5 mayda oynanılacaq. Final görüşü mayın 29-da Türkiyənin İstanbul şəhərində Atatürk Olimpiya stadionunda təşkil ediləcək.
Fərid Mehdiyev