2020-11-15 10:00
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı üçtərəfli bəyannaməyə əsasən noyabrın 15-i Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad edilir. Kəlbəcərdə olan əcnəbi jurnalistlər bildirirlər ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan sonra burada yerləşdirilən ermənilər rayonu tərk edirlər. Ermənilər mikroavtobus və yük maşınlarında daşına bilən hər bir şeyi özləri ilə aparır, apara bilmədiklərini isə yandırır. Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Nərgiz Camal