2020-11-17 10:05
Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Bu tarix 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoyub. Milyonlarla insanın qatıldığı aksiya keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur, 2006-cı ildə qanunvericiliyə edilən dəyişikliklərə əsasən iş günü sayılır.
Vüsalə Camal