Amerika Birləşmiş Ştatları dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı aparılıb. Nazir Ceyhun Bayramov Cenevrə görüşü zamanı tərəfimizdən təklif olunmuş sülh müqaviləsinin elementlərinin əks olunduğu mətn üzrə danışıqların davam edəcəyinə dair gözləntiləri vurğulayıb. Cenevrə görüşünün nəticələrinə uyğun olaraq, delimitasiya olunmamış sərhəddə baş vermiş son gərginliyi aradan qaldırmaq məqsədilə delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabrda keçirilməsi və bu məsələlərin komissiya çərçivəsində aparılmasına çağırış müsbət qarşılanıb. Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu bir daha ifadə edib. Normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsinə razılıq bildirilib.