Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb. İyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək. Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu gün Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınacaq. Təyyarələrdən biri ilə hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınacaq. Qeyd edək ki, ötən gün zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu ölkəyə yola salınmış Nazirliyinin çevik xilasetmə qüvvələri Adanada AFAD binasına yönləndirilib. 420 nəfərdən ibarət komanda Hatay şəhər mərkəzində və İsgəndərunda fəaliyyət göstərəcək.
Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. “Dəstəyiniz və həmrəyliyiniz üçün təşəkkür edirik”, - deyə səfirliyin “Tvitter” hesabında qeyd edilib.
Nərgiz Camalzadə