Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 7-ci Görüşündə Şeyxülislam Allahşükür Paşazadə dövlət başçılarının dəstəyinin türk xalqlarının dini-mənəvi həmrəyliyində mühüm rol oynadığını bildirib. O, növbəti görüşün Türkiyədə keçiriləcəyini deyib. Türkiyəli dini lider Safi Arpaquş dini bayramların tarixlərinin uyğunlaşdırılması, halal qida və dini qurumlar arasında əməkdaşlığın artırılmasını təklif edib. Görüşdə Bakı Bəyannaməsi qəbul edilib. Sənəddə Türk-İslam dəyərlərinin təşviqi, dini təhsil və elmi əməkdaşlığın inkişafı, gənclərin maarifləndirilməsi və terrorizm, ekstremizm, islamofobiya və nifrət çağırışlarına qarşı birgə mübarizə nəzərdə tutulub.Dini liderlər həmçinin Prezident İlham Əliyevə müraciət ediblər. Ölkəmizin multikulturalizm, tolerantlıq və dinlərarası dialoq sahəsində nümunə olduğu vurğulanıb. Azərbaycanın məzhəblərarası anlaşma modelinin Türk dünyasında təbliğinin əhəmiyyətinə diqqət çəkilib.
14 sentyabr 2026

