Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın əməkdaşlığı çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.Tədbirdə bildirilib ki, hazırda Dövlət Komissiyasında Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4 min 10 nəfər qeydiyyatdadır. Onların böyük əksəriyyəti Birinci Qarabağ müharibəsində itkin düşüb. Həmçinin indiyədək itkin şəxslərin yaxın qohumlarından 11 mindən çox bioloji nümunə toplanaraq DNT bazasında arxivləşdirilib.İşğaldan azad olunmuş ərazilərdə 2021-ci ildən aparılan axtarışlar zamanı 32 kütləvi məzarlıq aşkarlanıb.Məhkəmə-genetik ekspertizalarının nəticəsi əsasında Birinci Qarabağ müharibəsində itkin düşmüş 327 nəfərin şəxsiyyəti müəyyən edilib, onlardan 226-sı ailələrinə təhvil verilərək dəfn olunub. Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov bildirib ki, işğal dövründə ərazilərin mina və partlamamış sursatlarla çirkləndirilməsi, məzar yerlərinin dağıdılması və Ermənistan tərəfinin dəfn yerləri barədə məlumat verməməsi itkinlərin taleyinin müəyyən edilməsini çətinləşdirir.O, qeyd edib ki, bəzi Ermənistan rəsmilərinin dəfn yerləri barədə məlumatlarının olduğunu açıqlamasına baxmayaraq, həmin məlumatlar Azərbaycana təqdim edilmir. O vurğulayıb ki, Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həlli istiqamətində Ermənistanla əməkdaşlığa hazırdır. Ş.Həsənovun sözlərinə görə, bu ilin oktyabrında Bakı Dialoqu çərçivəsində mövzuya həsr olunmuş növbəti beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
30 iyun 2026

