Azərbaycanın Türkmənistana hədiyyə etdiyi "Dostluq" neftdaşıyan tankerinin təqdimat mərasimi keçirilib. Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə keçirilən onlayn mərasimdə bildirilib ki, tanker Bakı Gəmiqayırma Zavodunda inşa olunub. Layihə Azərbaycanın gəmiqayırma potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Həmçinin Azərbaycan və Türkmənistan arasında bir sıra mühüm sənədlər imzalanıb. Bakıda Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə keçirilən mərasimdə dövlət başçıları Birgə Bəyanatı imzalayıblar. Bununla yanaşı, gömrük, energetika, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, səhiyyə, sosial müdafiə, idman və xarici siyasət sahələrində əməkdaşlığı nəzərdə tutan saziş və memorandumlar mübadilə olunub.
22 iyun 2026

