2020-09-27 13:06
Baş Prokurorluq Ermənistan tərəfindən törədilən təxribatla bağlı məlumat yayıb. Mülki əhali arasında Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov, Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov, Füzuli rayon sakinləri 1960-cı il təvəllüdlü Füzuli Məmmədov, 1995-ci il təvəllüdlü Vüsal Quliyev, Ağdam rayon sakinləri 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov, 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Dərin təəssüf hissi ilə bildiririk ki, düşmən təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında itkilərimiz var. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Yerlərdə prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşları tərəfindən baş vermiş hadisələrin tam təfərrüatları araşdırıldıqdan sonra məsələyə hüquqi qiymət veriləcək. İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaq.
Nərgiz Camal