Ağalı kəndində “Zəfər yürüşü” triatlon turniri keçiriləcək
Oktyabrın 22-də Zəngilanın Ağalı kəndində “Zəfər yürüşü” triatlon turniri keçiriləcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Triatlon Federasiyasının birgə təşkil etdiyi turnir çərçivəsində triatlon , duatlon və uşaq qaçışı yarışları keçiriləcək. Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində baş tutacaq. Triatlon və duatlon yarışlarında peşəkar idmançılar, uşaq qaçışında isə Ağalı kənd məktəbinin şagirdləri iştirak edəcəklər. Tədbir çərçivəsində məktəblilər üçün müxtəlif idman növlər üzrə master klaslar da təşkil olunacaq. “Zəfər yürüşü” azad edilmiş ərazilərimizdə 4-cü turnirdir.