Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Nazir Ceyhun Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb. Xarici İşlər Nazirliyindən bildirilib ki, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabrında deyil, oktyabrında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.
Ermənistan XİN-in Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsidir. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. "Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq. Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edirik", deyə nazirlikdən qeyd olunub.