Azərbaycanda qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına başlanılır.Təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarında qeydiyyatda olan fermerlər 13 aprel saat 10:00-dan etibarən eagro.az portalı vasitəsilə öz təsərrüfatları haqqında məlumatları daxil edə bilərlər.2026-cı il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə veriləcək.Fermerlərin köç portalına daxil etdikləri məlumatların tələblərə uyğunluğu yoxlandıqdan sonra təsdiq ediləcək və mobil nömrələrinə köç tarixinə dair SMS bildirişi göndəriləcək.
09 aprel 2026

