ABŞ Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınması planından imtina etməsi müqabilində İrana dondurulmuş aktivlərinin bir hissəsini azad etməyi təklif edib.“The Wall Street Journal”ın məlumatına görə, Vaşinqton və Tehran arasında dolayı danışıqlar Qətərin vasitəçiliyi ilə davam edir. ABŞ xaricdə dondurulmuş təxminən 100 milyard dollar dəyərində İran aktivlərinin bir hissəsinə çıxış imkanı yaratmaq müqabilində Tehrandan Hörmüz boğazından keçən gəmilərdən rüsum almaq və boğaza nəzarət iddialarından imtina etməsini istəyib. Lakin İran bu təklifi qəbul etməyib və boğaz üzərindəki hüquqlarında israrını davam etdirib.ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Dohada Qətər rəsmiləri ilə danışıqlardakı çıxılmaz vəziyyətdən çıxış yollarını müzakirə ediblər. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, Vaşinqtonun əsas məqsədi İranda hakimiyyət dəyişikliyi deyil, ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Trampın sözlərinə görə, İranla danışıqlar davam edir və Tehran ABŞ-ın irəli sürdüyü tələblərin böyük hissəsi ilə razılaşıb. O, həmçinin Hörmüz boğazında neft tankerlərinin təhlükəsiz hərəkətinin təmin olunduğunu və bölgədə vəziyyətin nəzarət altında saxlanıldığını iddia edib.
03 iyul 2026

