2023-cü il Azərbaycan üçün xüsusilə əlamətdar il oldu. Otuz il ərzində ərazilərimizdə mövcud olan “boz” zonanı aradan qaldıraraq və separatizmə son qoyaraq ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etdik. Bunu Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin V konfransının iştirakçılarına ünvanladığı məktubda qeyd edib. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığına diqqət çəkib. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsinin nəzərdə tutulduğunu vurğulayıb. Dövlət başçısı Bakı konfransının İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli platforma olacağını qeyd edib.
Nərgiz Camalzadə