“WhatsApp” istifadəçilərinə xəbərdarlıq: şübhəli keçidlərə daxil olmayın
Azərbaycanda tanış və ya naməlum nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə “WhatsApp” hesablarının ələ keçirilməsi halları artıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, dələduzlar bu üsulla vətəndaşların SMS-lə gələn təsdiqləmə kodlarını (OTP) ələ keçirərək hesabları oğurlayır və onların adından saxta mesajlar göndərirlər. ETX istifadəçilərə tanımadıqları keçidlərə daxil olmamağı, OTP kodlarını paylaşmamağı, tətbiqdə ikimərhələli təsdiqləməni aktivləşdirməyi və şübhəli hallarda “WhatsApp” dəstək xidmətinə müraciət etməyi tövsiyə edib.

