Sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümüdür. Bu münasibətlə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival çərçivəsində Bakı ilə yanaşı, Gəncə, Şuşa, Laçın, Ağdam, Ağcabədi və Lənkəranda konsertlər, tamaşalar, sərgilər və digər tədbirlər təşkil olunur. Gəncədə Dövlət Milli Dram Teatrında sabah saat 18:00-da ADA Universitetinin müəllim və tələbələrinin ifasında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq. Üzeyir Hacıbəyli Şərqdə ilk operanın – “Leyli və Məcnun” əsərinin müəllifi və Azərbaycan milli opera sənətinin banisidir. Dahi bəstəkar 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, mahnı və romanslar, kamera və xor əsərləri yaradıb. Azərbaycan Xalq Cümhuriyyətinin himninin bəstəkarıdır.2009-cu ildən Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Beynəlxalq Musiqi Festivalı keçirilir.
18 sentyabr 2026

