2020-04-03 12:00
Aprelin 5-i saat 00:00-dan 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilir. Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə ödənişsiz olan 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir; 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün icazə 2 saat müddətinə gündə 1 dəfə verilir; 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS məlumatın göndərilməsi tələb olunmur. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulan məsuliyyətə səbəb olacaq.
Vəfa Şairova