Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı “həyat yoldaşı” Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Alim Sadiqov 3 günlük axtarışlardan sonra saxlanılıb. Cinayətdə istifadə edilən silah dəlil kimi müsadirə edilib. Aytac Şahmarova 2 ay əvvəl Alim Sadiqov tərəfindən “evlənmək” məqsədilə qaçırılıb. Azyaşlı bu müddət ərzində bir neçə dəfə qaçmağa da çalışıb, hətta bir dəfə qaçmağa müvəffəq olub. Lakin ailələrin bir araya gəlməsindən sonra Aytac Şahmarova “ər evi”nə qaytarılıb. Oktyabrın 5-də Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerində keçinib.
Nərgiz Camalzadə