Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Bakı Enerji Həftəsi"nin açılışına videomüraciət göndərib. Ərdoğan bildirib ki, Türkiyə-Azərbaycan birgə təşəbbüsü nəticəsində Suriyaya başlayan qaz tədarükünün bu ölkənin inkişafına və regional təhlükəsizliyə töhfəsi danılmazdır.Ərdoğan çıxışında Azərbaycan və Türkiyənin enerji sahəsində həyata keçirdiyi birgə layihələrin strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələrinin regionun enerji təhlükəsizliyinə böyük töhfə verdiyini bildirib. Türkiyə lideri həmçinin Iğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsinin Naxçıvanın enerji təminatını gücləndirdiyini qeyd edib. Ərdoğan yaşıl enerji və elektrik ötürülməsi sahəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.

