Tünzalə Ağayeva: “Yarı yolda qoymaq istəmirəm”

Tünzalə Ağayeva: “Yarı yolda qoymaq istəmirəm”

Vurhavurdan hər zaman ətəyini yan qaçıran, sənət səhnələrinin yaşıl işığında addımlayan Əməkdar artist Tünzalə Ağayeva yeni layihələrini “Şou məkan” tamaşaçıları ilə bölüşdü.
Tünzalə Ağayeva: “Yay bitən kimi Murad Ariflə etdiyim bir işi ortaya çıxardıq. Radiolarda səslənir, sosial şəbəkələrdə var. Sözləri Murad Arifə aiddir. Mahnı “Gəl mənə göstər”, adlanır. Templi, sadə, xəfif bir pop musiqidir. Bununla başladıq”.
Tünzalə xanımın ürəyində uzun müddətdir saxladığı bir arzusu var ki, o, həmin istəyini, deyəsən, artıq reallaşdırmağa başlayıb.
Tünzalə Ağayeva: “Çox ciddi bir əsər üzərində işləyirəm. Çoxdankı arzumdur. Böyük şairimiz Ramiz Rövşənin şeiriyyatına müraciət etmişəm. Əslində Ramiz müəllimin şeirlərinə bir çox mahnılarım var. Ancaq həmin mahnıları gün üzünə çıxarmamışam. Yalçının bir yaxşı sözü var, deyir, “Tünzalə, yazmağı dayandır. Bir ömür bəs etməyəcək”.
Əməkdar artist ağız dolusu danışdığı, qısa müddət sonra işıq üzü görəcək “Güzgü” adlı yeni mahnısını yerə-göyə sığdıra bilmədi.
Tünzalə Ağayeva: ““Güzgü” adlı bir mahnı çıxacaq. Lirikadır. Musiqisi mənə aid olacaq. Emin Kərimovla aranjiman üzərində çalışıram. Elə mahnılar var ki, onlara mütləq şəkildə klip çəkiməlidir. Ancaq mən hələ də çəkdirməmişəm. İstəyirəm ki, “Güzgü” yə klip çəkdirim. Ən bəsit formada güzgünün qabağında oturub oxumaq istəyirəm”.
Çayı adlamamış “hop” deyən bəzi müğənnilər, olmamış işi cahü-cəlalla danışdıqları halda Tünzalə xanım layihələri haqda əvvəlcədən hansısa fikir söyləmək istəmədiyi deyir.
Tünzalə Ağayeva: “Qoy olsun ki, deyim. Əvvəlcədən danışıb həm özümü, həm də tamaşaçıları yarı yolda buraxmaq istəmirəm. İş olsun sonra danışım. O iş yaxşı iş olmalıdır”.
“Eyyub yanımda olanda ondan güclü musiqi impulsu alıram”, söyləyən Əməkdar artist Eyyub Yaqubovla olan duetindən də danışdı.
Tünzalə Ağayeva: “İnsanlar bu duetdən zövq aldılar. Mən heç təsəvvürümə gətirməzdim ki, bu qədər yayılacaq. Mətbuatdan olan dostlarımız da həmin dueti çəkdilər. Bu günə qədər də danışılır bu mövzu. Mənə yazırlar ki, “Tünzalə xanım, Eyyubla konsert verin”. Eyyubun öz dünyası var, mənim öz dünyam var. Bu sıradan bir konsert ola bilməz. Ciddi bir layihə olmalıdır”.
Tünzalə xanım, mövsüm hələ yeni başlayıb, xoş sədalarınızı eşitməyimiz diləyilə.
Ayşən Zeynallı