"Siqaret çəkmirəm, alkaqollu içkilər qəbul etmirəm..." - Manana

"Siqaret çəkmirəm, alkaqollu içkilər qəbul etmirəm..." - Manana

Artıq həm özü, həm də dili bizdən olan Manana nə qədər sözləri ard-arda muncuq kimi düzməkdə çətinlik çəksə də, yenə onun danışığını hamı sevir. Nəinki danışığını, elə sənətini də. Ancaq nədənsə soz zamanlar müğənni tapılmaz hind qumaşı kimi əlçatmaz olub.

Bir vaxtlar dildən-dilə dolaşan və gürcü qızı Manana olaraq, tanınan müğənni zaman, daşı ətəyindən tökdükcə Mananaya çevrildi. İfaçı özü də etiraf edir ki, hətta Gürcüstanda onu Azərbaycanı təmsil edən Manana deyə təqdim edirlər.

Manana: “Gürcüstanda məni, “Azərbaycanı təmsil edən bizim qızımız” deyə təqdim edirlər. Mən bu təqdimatla fəxr edirəm”.

Müğənni hətta tək vətəndaşlıq məsələsi ortaya çıxanda belə düşünmədən Azərbaycanı seçib.

Manana: “Mənim illər öncə iki pasportum vardı. Qanun ikili vətəndaşlığa icazə verirdi. Ancaq tək vətəndaşlğa keçən zaman dedilər ki, sən hansını istəyirsən, Gürcüstan, yoxsa Azərbaycan vətəndaşlığı. Düşünmədən Azərbaycan vətəndaşlığını seçdim. Çünki mən burda yaşayıram”.

“Bəlkə də, danışmaq çətin olur, məni başa düşmürlər. Ancaq mən həyatımla, öz münasibətimlə çalışıram ki, hamı görsün ki, mən Azərbaycana minnətdaram. Bu torpaq mənim üçün müqəddəsdir”.

Müğənninin artıq 18 ildir ki, burda yaşamasında valideynlərinin qərarı da önəmli rol oynayıb.

Manana: “Mən valideynlərimin qərarı ilə burda qaldım. Artıq 18 ildir ki, Azərbaycanda yaşayıram. Mənim üçün bu 18 il çox vacib, çox müqəddəsdir. Çətinliklər, gözəl günlər, bayramlar, Azərbaycanda nə varsa, mən onu özümünkü kimi qəbul edirəm”.

Manana heç oldumu ki, buranı bu qədər sevdiyin halda səni soyudub qaynayan qazanın altını kimsə söndürmək istədi?

Manana: “ Ancaq burda yox, çətinliklər hər yerdə var. Mənə Gürcüstanda da asan olmayıb. 27 yaşa qədər orda səhnədə ifa edirdim”.

“Bu günə qədər məni sevə-sevə qarşılayan insanlar, bəlkə, ona görə seviblər ki, Manana çalışır və yenə çalışacaq”.

“Necə olur ki, illərdir eyni formada qalmağı bacarırsız” sualına isə müğənni tutarlı cavab verdi. Bu cavab kimlərinsə qulağından girib ürəyində əməlli-başlı yer edəcək.

Manana: “Məndə pis vərdişlər yoxdur. Məsələn, siqaret çəkmirəm. Alkaqollu içkilər qəbul etmirəm. Gecə həyatım yoxdur”.

“Yağlı və duzlu yeməkləri sevmirəm. Baxmayaraq ki, gürcü mətbəxi bir az acılıdır. Ancaq mən səsimə görə bu cür yeməkləri yemirəm”.

Manana ötən zaman ərzində boş dayanmayıb albom hazırlayıb, yeni mahnılar səsləndirib. Ancaq ifaçı albom çıxarmağın dəbinin çoxdan getdiyini də vurğuladı.

Manana: “Yeni il üçün Murad Ariflə gözəl bir duet hazırdır. “Yaşasın sevənlər” adlanır. Daha gözəl bir mahnını bəstəkar və aranjimançı Givi yazıb. “Sevgimizin dənizində” adlanır. Yayda yazılmış bir mahnıdır”.

Odur ki, müğənnidən həm yeni mahnılar, həm də klip gözləyin. Gözdə qulaqda olun ki, ifaçının yeniliklərini qaçırmayasız.