Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa Milli Assambleyası üzvlərinin suallarına verdiyi cavabları qətiyyətlə rədd edib.XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransanın mövqeyi Azərbaycan-Ermənistan normallaşma prosesinə qərəzli yanaşmanın növbəti nümunəsidir. Rəsmi Bakı Fransa tərəfini Ermənistanın uzunmüddətli işğalı, azərbaycanlı məcburi köçkünlərin taleyi və mina təhlükəsini diqqətdən kənarda saxlamaqda ittiham edib.Bəyanatda vurğulanıb ki, Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi və bu ölkənin silahlandırılması regionda sülhə deyil, revanşist meyllərin güclənməsinə xidmət edir. XİN həmçinin Azərbaycanda saxlanılan erməni əsilli şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduğunu bildirib və Fransanın insan hüquqları ilə bağlı ittihamlarını əsassız adlandırıb.Xarici İşlər Nazirliyi Fransanı regionun reallıqlarını nəzərə almağa və birtərəfli yanaşmadan çəkinməyə çağırıb.

